Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycanda rayonun baş memarına - CİNAYƏT İŞİ AÇILIB
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs Ədalət Vəliyev ifadə verib.
O, bildirib ki, o "Portos" MMC-nin direktoru işləyib: "Mənim heç nədən xəbərim olmayıb. Mən şirkətə direktor təyin edilmişəm. Ayda 501 manat əməkhaqqı almışam. Binanın tikintisindən və yeyintidən xəbərim yoxdur. Mən latın qrafikasında yazıb-oxuya bilmirəm, heç nədən xəbərim yoxdur".
Bu fikirdən sonra digər təqsirləndirilən şəxs Namiq Hacıyev Ədalət Vəliyevə irad tutub:
"Niyə yalan danışırsan? Kişisən, düzünü danış. Niyə hər şeyi gizlədirsən? Əgər heç nədən xəbərin yox idisə, 32 milyon dəymiş ziyanı istintaqda necə ödəmisən? Əgər iki ay maaş almısansa, 32 milyon manatı necə ödəmisən? Mənim 65 yaşım var, çürüyürəm burada. Əgər sən yazıb-oxuya bilmirdinsə, iki dəfə ASAN xidmətə gedib sənədlər imzalamısan, onu necə etmisən? Kişiliyin olsun, düzünü danış".
Ə.Vəliyev isə deyib ki, istintaqa onun adından 1 milyon manat ödənilib və 35 milyon manat dəyərində yaşayış binası verilib.
Proses noyabrın 12-də davam etdiriləcək.
Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.