Yol polisinin qanunsuz protokol yazdığını iddia edən şəxs Daxili İşlər Nazirliyini məhkəməyə verərək 5 min manat təzminat tələb edib. Onun protokoldan verdiyi şikayətə Nizami Rayon Məhkəməsində də baxılıb və yol polisinin protokolu ləğv edilib.
Eləcə də bax: Bakıda parklanma qaydaları dəyişir - QANUNDA YENİLİK
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, Vətəndaş Samid İsayev bildirib ki, həmkəndlisi olan yol patrul xidməti əməkdaşı Rəsul Ağayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun idarə etdiyi “Toyota Prado” markalı 90 DS 303 nömrəli avtomobili 2020-ci il dekabrın 29-da saxlayaraq cərimə meydançasına aparıb.
Vətəndaşın iddiasına görə, buna səbəb onunla olan şəxsi intriqadır: “Məni və ailə üzvlərimi maşından düşürtdü. Bundan yalnız 10 gün sonra, 2021-ci il yanvarın 8-də barəmdə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə olunmağım barədə protokol tərtib edilib. Amma qanuna görə, protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməlidir. Bu protokol əsasında Bakı şəhər DYPİ-nin polis kapitanı Arzuman Arzumanlı tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub. Protokolda da xətanın mahiyyəti haqqında hər hansı bir qeyd yazılmayıb. Yəni hansı avadanlığın quraşdırılması və ya dəyişdirilməsi müəyyən edilməyib”.
S.İsayevin sözlərinə görə, avtomobili 2012-ci ildən idarə edir və hər il də texniki baxışdan keçirib: “Texniki baxışdan keçəndə də, 8 ildir maşını sürəndə də heç vaxt hər hansı əlavə avadanlıq olması barədə mənə bildirilməyib.
Protokoldan verdiyim şikayətə Nizami Rayon Məhkəməsində baxıldı və yol polisinin protokolu ləğv edildi. Daha sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qərardan şikayət etdi. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı. Mən maşını götürmək üçün əlavə xərclər çəkdim və yol polisi əməkdaşının şəxsi qərəzindən istifadə edərək verdiyi qərara görə 10 gün avtomobilsiz qaldım”.
İşlə bağlı Bakı Ekspertiza Mərkəzi Bakı şəhəri Dövlət Yol Polisinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində, o cümlədən qanunsuz qəbul edilmiş qərar nəticəsində Samid İsayevə 5 000 manat məbləğində mənəvi zərər dəydiyi barədə rəy verib.
Samid İsayev bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edərək DİN-dən 5 min manat mənəvi təzminat tələb edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib ki, Samid İsayevin iddiaları həqiqəti əks etdirmir: “Məhkəmədə onun təqdim etdiyi arqumentlərlə bağlı ekspertiza təyin edildi. Ekspert onun iddialarını təsdiq etmədi. Samir İsayevin dedikləri cəfəngiyyatdır”.