Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək həbs edilən, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Akif Əliyevin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi apellyasiya şikayətinə baxılıb.
Eləcə də bax: Abşeronun baş memarı belə saxlanılıb - VİDEO
FED.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da təmin edilməyib. Məhkəmə birici instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, iyunun 23-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə Akif Əliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161–Qaynar xətt” əlaqə mərkəzinə Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər araşdırılıb.
Bununla əlaqədar keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.
Həmçinin, istintaqla Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kv/m qeyri yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Murad Əhmədov vətəndaşı aldadaraq 1000 manat məbləğində pulu 20 iyun 2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanıb.
Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.
Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. (Modern)