Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin 6 ayında yoxlama apardığı qurumlarda 180 milyon manat artıq xərclənmiş və büdcədən yayındırılan vəsait tapıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2023-cü ilin birinci yarısında aparılmış nəzarət tədbirləri haqqında nazirliyin yayıdığ məlumatdan aydın olur.
Yarım ildə Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsindən vəsait alan ümumilikdə 72 təşkilatda nəzarət tədbirləri – yoxlama aparıb.
Bu təşkilatlarda ümumilikdə 2 milyard 328 milyon manatlıq vəsaitin necə xərcləndiyi araşdırılıb.
Yoxlama aparılan qurumların bir hissəsini – 15 təşkilatı nazirlik özü seçib, yoxlamanın aparıldığı əksər qurum (57 təşkilat) isə Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin müraciəti əsasında yoxlanılıb.
«Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin əsas hissəsi Baş Prokurorluqdan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə Maliyyə Nazirliyinə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub»-deyə nazirlik bildirir.
Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2015-ci ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 57 təşkilatda yoxlamalar aparılıb. Həmin təşkilatlarda qeyd edilən dövr ərzində 1 205,3 mln. manat məbləğində vəsaitin istifadəsi və gömrük ödənişləri şəklində dövlət büdcəsinə daxil olmuş 18 663,6 min manat məbləğində vəsaitlərin hesablanmasının düzgünlüyü yoxlanılıb. Yoxlamala ilə həmin təşkilatlarda 48 300,4 min manat məbləğində artıq və əsassız ödənişlər, 131 902,9 min manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin (131 902,9 min manat) dövlət büdcəsinə az ödənildiyi aşkar edilib.
Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələrinə dair tərtib edilmiş aktlar əlavələri ilə birlikdə aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən 15 təşkilatda 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 1 123,4 milyon manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb.
Həmin təşkilatların 14-də 675,0 mln. manat məbləğində vəsaitin istifadəsinin yoxlanılması ilə bu təşkilatlarda 1 150,1 min manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib.
Başqa sözlə, Maliyyə Nazirliyinin öz iş planı ilə yoxladığı qurumlarda 4,3 milyon manat, prokurorluq və DTX-nin məktubu əsasında aparılan yoxlamalarda isə 48 milyon manat yeyinti aşkar edilib.
Nazirlik bildirir ki, hələ yoxlamaların gedişi zamanı ortaya çıxan artıq və əsassız ödənişlər dövlət büdcəsinə tam olaraq bərpa edilib. İş planına əsasən 1 təşkilatda isə aparılan nəzarət tədbiri ilə 448,4 mln. manat məbləğində vəsaitin istifadəsi əhatə olunub, bu təşkilatda aşkar edilmiş 3 151,9 min manat məbləğində artıq və əsassız ödənişlərə hüquqi qiymət verilməsi üçün yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət tədbirləri ilə (Respublika Baş Prokurorluğuna göndərilən 1 nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 22 nəfər vəzifəli şəxsə 20,4 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Xidmət tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.