Polisin keçirdiyi tədbirlərlə silsilə oğurluqlar edən şəxs saxlanılıb.
FED.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumata görə, Masallı rayonu ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Hüseyn İbrahimov saxlanılıb. Araşdırmalarla onun paytaxtın Nizami, Sabunçu və Səbail rayonlarında da analoji talama cinayətləri törətdiyi müəyyən edilib.
Belə ki, H.İbrahimov qeyd qeyd edilən rayonların ərazisində 5 obyekt və 1 avtomobildən pul, mobil telefon, eləcə də digər qiymətli əşyalar oğurlayıb. Saxlanılan şəxsin paytaxt ərazisində talama niyyəti ilə əlavə 2 avtomobilin şüşəsini sındırdığı, müxtəlif vaxtlarda qaçırdığı "VAZ" markalı maşınlarla isə qəza törədərək hadisə yerindən yayındığı müəyyən edilib. Saxlanılan şəxsin digər analoji hadisələrdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.