Bu gün İngiltərənin Vestminster magistrat məhkəməsində Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə növbəti məhkəmə prosesi başlanıb.
ELƏCƏ DƏ BAX : Londonda 100 milyon dollarlıq - ƏMLAKA HƏBS QOYULUB
FED.az “Jersey Evening Post”a istinadən xəbər verir ki, məhkəməyə qatılan Zamirə Hacıyeva Azərbaycana ektradisiya olunmasına qarşı çıxaraq ədalətli mühakimə olunmadığını bildirib. Hacıyevaya qarşı qaldırılan ittiham aktında bildirilir ki, o, Avropadakı lüks butiklərdə, otellərdə, restoran və məşhur mağazalarda 15,5 milyon funt sterlinq xərcləyib. 55 yaşlı Hacıyeva özünə, ailə üzvlərinə qızıl, daş-qaş alaraq, 3 uşağının yüksək təhsil haqqını ödəyib. “Harrods”da isə 10 il boyunca 16 milyon funt sterlinq xərcləyib.
Zamirə Hacıyeva 2009-cu ildən 2015-ci ilədək Azərbaycan Beynəlxalq Bankından (ABB) 97 milyon dollar (76 milyon funt-sterlinq) vəsaiti mənimsəyən 37 nəfərlik mütəşəkkil cinayətkar qrupun üzvü olub.
Hacıyevanın 57 yaşlı əri Cahangir Hacıyev isə 2001-2015-ci illərdə ABB-nin rəhbəri olub və daha sonra dələduzluq maddəsilə 15 il həbsə məhkum edilib.
Azərbaycan hökumətini təmsil edən Helen Malkolm məhkəməyə Hacıyevanın adından verilən 10 kredit kartından 14,5 milyondan 15,5 milyon funt sterlinqə qədər pul xərclənib, digərləri isə ögey qızının və ərinin şəxsi mühafizəçisinin adına rəsmiləşdirildiyini deyib:
“Hacıyev 15 il həbs cəzası alıb və 39 milyon dolları (30,5 milyon funt sterlinq) geri ödəmək tapşırılıb. Bununla bağlı onlar apellyasiya şikayəti versələr də, rədd edildi”.
Məhkəmədə bildirilib ki, Hacıyevin dövlət qulluqçusu kimi gəliri 29-70 min dollar arasında olub. Bundan başqa onun qanuni gəlir mənbəyi olması ilə bağlı hər hansı sübut tapılmayıb. Zamirə Hacıyevanın isə hər hansı rəsmi gəliri olmayıb və o, qızıl sataraq yaşayışını təmin edib.
“Hacıyevaya qarşı açılan iş əriylə əlbir olub dələduzluq etməsinə görədir”, - deyə Malkolm bildirib.
Hacıyevanın vəkili Hüqo Keys QC isə ittihamları rədd edərək bildirib ki, Hacıyeva əri Azərbaycanda həbsdə olduğu üçün mühakimə edilir və pul xərcləmək heç də cinayət sayılmır.
Qeyd edək ki, Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub, sonra isə ev həbsinə buraxılıb. Hazırda o, Londondakı evində qalır.