Gəncə Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Kazım Məmmədovun (ad və soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Politoloq yarım milyonluq mənimsəməyə görə - HƏBS OLUNDU
FED.az xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il 10 ay 9 gün müddətinə azadlıqdan məhrum edilib. Kazım Məmmədov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilib və dərhal məhkəmə iclas zalında həbsə alınıb.
İttihama görə, 1981-ci il təvəllüdlü Kazım Məmmədov “Gold Kredit" MMC-nin direktorudur. Vətəndaşlar ona məxsus lombarda qızıllarını girov qoyaraq kredit götürüblər. Daha sonra Kazım həmin şəxslərin qızıllarını mənimsəyib.
Cinayət materiallarında qeyd edilib ki, təqsirləndirilən şəxs 40-a yaxın zərərçəkmişin ümumilikdə 76 503 manat pulunu mənimsəmə yolu ilə ələ keçirib.
Vətəndaşların şikayəti əsasında saxlanılan Kazım Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.