Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncamda məqsəd dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsidir.
Sənədə əsasən, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, həmçinin dövlət adından yaradılmış publik hüquqi şəxslər:
- “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra – Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etməlidirlər;
- Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron formada göndərməlidirlər.
- Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Baş Prokurorluğuna, Məhkəmə-Hüquq Şurasına, İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Mərkəzi Bankına və Hesablama Palatasına, habelə bələdiyyələrin milli assosiasiyalarına tövsiyə olunsun ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etməlidirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.
Nazirlər Kabinetinə tapşırılıb ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilib ki, Fəaliyyət Planının icrasının mütəmadi qiymətləndirilməsini təmin etsin, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün və Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırsın.