Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Eləcə də bax: Konstitusiya Məhkəməsi 270 günlük cərimələr ilə bağlı – QƏRAR VERDİ
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən FED.az-a bildirilib ki, iclasda S.Fərəcovun şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2018-ci il 19 dekabr tarixli qərarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin və onun vəkilinin çıxışlarını, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, S.Fərəcovun S.Mustafayevaya qarşı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 19 dekabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416-cı, 418.1-ci, 418.2-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılsın.