Arbitraja münasibətdə məhkəmənin yardım funksiyaları və ərizənin verilməsi qaydası müəyyənləşir.
Kommersiya mübahisələri mediasiyanın tətbiqi dairəsindən çıxarılır
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, tərəflər arasında digər razılıq yoxdursa, məhkəmələr arbitraja münasibətdə aşağıdakı yardım funksiyalarını yerinə yetirəcəklər:
- Arbitrin təyin edilməsi ilə bağlı məsələlərin həlli;
- arbitrə etiraz edilməsi ilə bağlı məsələlərin həlli;
- arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi ilə bağlı məsələlərin həlli;
- müvəqqəti təminat tədbirlərinin tətbiqi;
- sübutların təmin edilməsinə yardım.
Məhkəmənin yardım funksiyasının yerinə yetirilməsi ilə bağlı arbitraj sazişinin tərəfi, yaxud arbitraj məhkəməsi müraciət edə bilər.
Arbitrin təyin edilməsi və arbitrə etiraz edilməsi ilə bağlı məsələlərin həlli ilə bağlı ərizə müraciət edən şəxsin müraciətə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 30 gün ərzində verilir.
Arbitrin təyin edilməsi, arbitrə etiraz edilməsi, arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi, müvəqqəti təminat tədbirlərinin tətbiqi və sübutların təmin edilməsinə yardım funksiyalarına münasibətdə ərizə arbitrajın yeri üzrə Azərbaycan ərazisində kommersiya məhkəməsinə, müvəqqəti təminat tədbirlərinin tətbiqi və sübutların təmin edilməsinə yardım funksiyalarına münasibətdə isə arbitrajın yeri müəyyənləşdirilməmişdirsə və ya xarici ölkədədirsə, yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə verilir.
Sübutların təmin edilməsinə dair yardım üzrə işlərdə ərizə həmçinin müvafiq prosessual hərəkətlərin yerinə yetirilməli olduğu yer üzrə kommersiya məhkəməsinə verilə bilər.
Tərəflərin razılığı olduğu təqdirdə, beynəlxalq arbitraja münasibətdə arbitrajın yeri müəyyənləşdirilmədikdə və arbitraj mübahisəsi tərəflərindən ən azı birinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer və ya tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqda, həmin tərəfin adətən yaşadığı yer (tərəf fiziki şəxsdirsə) və ya daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer (tərəf hüquqi şəxsidirsə) Azərbaycan ərazisində yerləşdikdə, arbitrin təyin edilməsi, arbitrə etiraz edilməsi və arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi ilə bağlı məsələlərin həlli ilə bağlı yardım funksiyalarına münasibətdə ərizə yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə verilir.
Qeyd edək ki, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə Ali Məhkəmə baxır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.