Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və kibercinayətkarlıq yolu ilə bank kartlarından pul çıxarmaqda təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzə proses keçirilib.
FED.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.
Eləcə də bax: Kibercinayətkarlıqda təqsirləndirilən şəxsin məhkəməsi - BAŞLAYIB
O, əməlini etiraf edib və özünü qismən təqsirli bilib: "İşsiz və borc içərisində olduğu vaxt bu yolla vəziyyətdən çıxmaq istəyib. Əvvəlcə bir kartla yoxladım. Gördüm ki, alınır, digərlərində də davam etdim. Məqsədim, sadəcə, ehtiyacım olduğu qədər pul götürmək idi. Təxminən, 30 min borc var idi. Oğlum da xəstə idi. 40 minə yaxın pul çıxartmağı planlaşdırmışdım ki, qalanı ilə də oğlum mən çıxana qədər yaşaya bilsin".
S.Nəzərli deyib ki, hesablardan pulu anasının kartına yükləyib, sonra da nağdlaşdırıb. O, əməliyyatlardan sonra bir müddət Türkiyədə qalıb, saha sonra Azərbaycana qayıdıb və cinayətinin üstünü elə özü açıb: "Gördüm ki, bunlardan xəbər yoxdur. Fikirləşdim ki, bu işi ictimailəşdirim. Ona görə də bu dəfə bank hesablarından ayrı-ayrı şəxslərin mobil nömrələrinə pul köçürdüm. Fikirləşdim ki, bu dəfə səs-küy olar və bank da xəbər tutar. Amma yenə də səs-soraq çıxmadı. Özüm banka zəng elədim. Dedim ki, sizdə belə boşluqlar var və bu problemləri aradan qaldırmalısınız. Onlar mənə inanmadılar. Amma mən onlara ətraflı şəkildə izah elədim. Bir neçə gün sonra Emin adlı bir nəfər mənə zəng elədi. Özünü mənə həmin bankın işçisi kimi təqdim elədi. Amma mənim telefonumda proqram var idi və orada gördüm ki, "Emin BMCMİ" yazılıb. Bildim ki, o, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşıdır. Mən polis əməkdaşı ilə danışdığımı bilirdim, amma bunu büruzə vermədim. Polis əməkdaşı məndən bank işçisi kimi hər şeyi soruşdu və mən də izah elədim. Sonra məni banka görüşə çağırdılar. Ora getdim və hər şeyi izah elədim. Danışanda əvvəlcə mənə inanmırdılar. Amma dediklərimdən, izahımdan sonra mənə inandılar. Amma sonda mənə qarşı haqsızlıq edildi. Çünki məbləğ külli miqdar deyildi. Mənə təkrarən eyni cinayəti törətmək ittihamı veriblər. Onu da bir nömrəyə köçürdüyüm 8 min manata görə. Amma cinayət işi materiallarında da var ki, mən həmin 8 mini özümə yox, tanımadığım, təsadüfi şəxslərə köçürmüşəm. Buna görə də işimi ağırlaşdırıblar. İndi bank da mənə qarşı 39 minlik mülki iddia qaldırıb. Bu da xeyli miqdardır".
S.Nəzərli kartların sahibindən "təsdiq kodu" gəlmədən hesabdan necə pul çıxarmasını da izah edib: "Həmin kartlarda əvvəl SMS xidməti, təsdiq kodu yox idi. Bu işdən sonra bank 6 rəqəmli təsdiq kodunu tətbiq etməyə başladı". O, birdən-birə varlanmasını ailəsinə, yaxınlarına, dostlarına əldə mərc oyunundan udması kimi deyib.
S.Nəzərli suallara cavabında deyib ki, bankdan pul çıxardığını ictimailəşdirmək məqsədilə ayır-ayrı şəxslərin, təsadüfi şəxslərin mobil nömrələrinə pul göndərən zaman Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşına da pul göndərib. O, bu addımı məqsədli şəkildə etdiyini deyib: "Hətəm adlı polis əməkdaşının hesabına 250 manat göndərdim. Bilirdim ki, Hətəm bu işi başa düşəcək və biləcək ki, bunu Səddam edib. Elə də oldu".
S.Nəzərli bildirib ki, məqsədi, sadəcə, borcunu vermək olub: "40 minə görə burdayam. 390 min olsaydı, nələr olardı. Mənə inamırdılar. Əvvəl zərəri 90 min yazdılar, sonra da 85 min. Axırda da 70 min oldu".
Proses davam edəcək.
İttihama görə, Səddam Nəzərli xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 000 manatı şəxsi hesablara köçürərək nağdlaşdırıb.
Xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinəm Səddam Nəzərli saxlanılıb.
Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.
S.Nəzərliyə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi açılıb.
Səddam Nəzərli itttihamda dəymiş zərərlə bağlı göstərilən məbləğin şişirdildiyini, cəmi 40 min manat ələ keçirdiyini bildirib.
Qeyd edək ki, Səddam Nəzərli daha əvvəl də Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunub.
Report