Naxçıvan (MR) keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsi (DGK) tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin sabiq rəisi Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Rüşvətlə maşın keçirdən keçmiş gömrük əməkdaşına 8 ildən çox - HƏBS VERİLDİ
FED.az xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə Rafael Əliyev ifadə verib.
O bildirib ki, bu, məlum bir proses idi və sərhəddə alınan rüşvət Komitəyə verilirdi:
“Bu fəaliyyətin qanunsuz olduğunu bilirdik. İstər TIR, istərsə də GRP proqramlarına Komitədən kiminsə girişinə icazə yox idi. Biz sadəcə, hesabatlar aparırdıq və gələn pulları eyniləşdirib Komitə sədri olan Asəf Məmmədova, 2018-ci ildən isə Səhhət Həbibbəyliyə verirdik. Pullar gömrük məntəqələrindən manat və dollar kimi alınırdı, sonra dollara çevirilib Komitə sədrinə verilirdi".
Rafael Əliyev maliyyə naziri işlədiyi dövrdə 2017-ci ildə qanunsuz olaraq işə qəbul edilən 8 nəfərə verilən əməkhaqqı məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, bu proseslər ondan əvvəlki dövrdə olub və maliyyə naziri təyin edilərkən həmin işçilərin adları artıq dövlət qulluğu reyestrində olub:
"Aylıq 15 min manat paket alırdım. Özümü təqsirli hesab edirəm, məsuliyyət mənim üzərimdədir".
Daha sonra zərərçəkən tərəf olan Azərbaycan Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, istintaq müddətində dövlət büdcəsinə vurulmuş ziyanın bir hissəsi ödənilib və qalan hissənin də ödənilməsi davam edir. O, dəyən ziyanın tam ödənilməsinin təmin olunmasını məhkəmədən xahiş edib.
Məhkəmədə iştirak edən şahidlər bildiriblər ki, onlara bu göstərişləri o zaman Komitənin sədri olan Səhhət Həbibbəyli verib. Həmin müddətdə dövlətin rəsmi proqramına heç bir vəsait ödənilməyib. Sədərək Gömrük məntəqəsində yüklərdən (idxaldan) ay ərzində orta hesabla 800 min - 1 milyon manat, Culfa gömrük məntəqəsində 3 il ərzində təqribən 12,5 milyon manat, Şahtaxtı gömrük məntəqəsində isə 1,2-1,4 milyon manat rüşvət yığılıb. Eyni zamanda, ay ərzində hər bir gömrük məntəqəsində 300-400 min manat, həmçinin 400-500 min dollar vəsait toplanırmış.
Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.
Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər. (Report)