Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklər III oxunuşda təsdiq edilib.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.
Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Bundan başqa, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.
Müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.
Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqların və qəza şəraitinin imitasiyasının aparılmasına görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.
Təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanı sistemlərin, mühərrikin və avadanlığın sıradan çıxması hallarının imitasiya edilməsinə görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.
Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı tərəfindən uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinə görə fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə ediləcək.
Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına və kənar müdaxilədən mühafizə edilməməsinə görə altı yüz manat məbləğində cərimə tətbiq ediləcək.
Heyət üzvü uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinə görə üç min manat məbləğində cərimə ediləcək.
“Aviasiya haqqında” qanunda nəzərdə tutulmuş razılıq olmadan aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinə görə 600 manat məbləğində cərimə tətbiq ediləcək.
Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyətinə, o cümlədən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasına və araşdırmanın nəticələrinə dair hesabatın tərtib edilməsinə müdaxilə olunmasına görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 5 min manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək.
Şəhadətnamə, vəsiqə və sertifikata malik olmayan və ya digər dövlətdə verilən, müvafiq qaydada tanınmalı olan analoji sənədə malik olmayan şəxslərin mülki aviasiya personalı qismində fəaliyyət göstərməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər 5 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.
Hava gəmilərinin uçuş və kabinə heyətlərinin, habelə aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinin ixtisaslarına uyğun müvafiq təlim, hazırlıq və tibbi yoxlamadan keçirilməsinin təmin edilməməsinə görə fiziki şəxslər 4 min manat məbləğində, vəzifəli şəxslər 8 min manat məbləğində, hüquqi şəxslər otuz min manat məbləğində cərimə ediləcək.
Müvafiq icazə alınmadan model pilotsuz uçuş aparatı klubu və ya assosiasiyasının fəaliyyət göstərməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər 5 min manat məbləğində, hüquqi şəxslər 8 min manat məbləğində cərimə ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin icazəsi olmadan nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatı sistemləri əməliyyatlarının həyata keçirilməsinə görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 7 min manat məbləğində, hüquqi şəxslər 15 min manat məbləğində cərimə ediləcək.
Məsafədən idarə edən pilotun (operatorun) əməliyyatın dayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin verdiyi göstərişi dərhal yerinə yetirməməsinə görə fiziki şəxslər 4 min manat məbləğində, vəzifəli şəxslər 7 min manat məbləğində, hüquqi şəxslər on yeddi min manat məbləğində cərimə ediləcək.
Hava gəmisi istismarçılarının hava gəmilərini və onların istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan hava gəmisindən istifadə etməsinə görə fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcək.
Pilotsuz uçuş aparatı istismarçılarının pilotsuz uçuş aparatını və onun istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan pilotsuz uçuş aparatından istifadə etməsinə görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.
Aviasiya personalının peşəyə yararlılığının müəyyən edilməsinin sertifikatlaşdırılmayan tibb müəssisələri və onların əməkdaşları tərəfindən həyata keçirilməsinə görə vəzifəli şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan 30 min manatadək məbləğdə cərimə ediləcək.
Mülki hava limanları və (və ya) aerodromlar, habelə helikopter meydançalarının sertifikatlaşdırılmadan istismarına görə fiziki şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan 9 min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcək.
Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan qırx min manatadək məbləğdə cərimə ediləcək.
Mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların və ya mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan qırx min manatadək məbləğdə cərimə ediləcək.
Sertifikatlaşdırılmamış aviasiya avadanlıqlarından və vasitələrindən istifadəyə görə avadanlıqlar və vasitələr müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcək.
Hava gəmilərinin istismar qaydalarının pozulması yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar hava gəmilərinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Hava gəmilərinin istismarçıları tərəfindən hava gəmisinin sərnişin və heyət üzvlərinə dair ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının sərnişin məlumatlarına dair “bir pəncərə” sistemi vasitəsilə real vaxt rejimində elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürülməməsinə görə fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.
Azərbaycana mənsub hava gəmilərinin dövlət qeydiyyatına, xarici dövlətə mənsub hava gəmilərinin dövlət uçotuna alınmadan istismarına görə fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə ediləcək.
Təhlükəli yüklərin, hərbi silah və sursatların daşınma qaydalarının pozulmasına görə təhlükəli yüklər, hərbi silah və sursatlar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər iki yüz əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Radioaktiv tullantıların, yenidən istifadəyə yararlı işlənmiş nüvə yanacağının, qanunvericiliklə müəyyən edilən siyahıya müvafiq toksik və digər təhlükəli tullantıların, digər radioaktiv maddələr və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər 15 min manat məbləğində cərimə ediləcək.
Təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməyən personalın təhlükəli yüklərin hava yolu ilə daşınmasına cəlb edilməsinə görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər 3 min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.
Dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq ediləcək.
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə iki yüz manat məbləğində cərimə tətbiq ediləcək.
Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək müddətə məhdudlaşdırılacaq.
Həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə tətbiq ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılacaq.
Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə qırx manat məbləğində cərimə tətbiq ediləcək.
Eyni zamanda hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına münasibətdə xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı dürüst, dəqiq və yenilənmiş məlumatların “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda müəyyən edilmiş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə, hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı tərəfindən benefisiar mülkiyyətçisi barədə məlumatların qanunla müəyyən edilmiş mərhələlər üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki 1500 yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı təsdiqedici sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda nəzərdə tutulmuş müddət ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Benefisiar mülkiyyətçinin özü barədə hüquqi şəxslərin dövlət reyestri məlumatlarında dəyişiklik edilməsi ilə bağlı hüquqi şəxs tərəfindən məlumatlandırılmamasına görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə ediləcək.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə ediləcək.
Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmayacaq.
Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.
Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min beş yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.