Azərbaycanda naməlum şəxslər vətəndaşları işə düzəltmək adı ilə tora salaraq pularını ələ keçirməyə çalışırlar.
Eləcə də bax: Bu şəxslərlə əmək müqaviləsi bağlayan vəzifəli şəxslər cərimə ediləcək
FED.az xəbər verir ki, bu barədə belə vəziyyətlə üzləşmiş vətəndaşlardan biri məlumat verib.
Onun sözlərinə görə, 1 həftə əvvəl sosial şəbəkələrdə yeni şirkət açılacağı ilə bağlı elanlar yerləşdirilib və iş axtaranlara müraciət edilib:
“Mən də göstərdikləri e-mail ünvanına CV göndərdim. İki gün əvvəl mənə məlumat verildi ki, işə qəbul olunuram, ancaq əvvəlcə terminal ödəmə vasitəsilə 45 manat ödəməliyəm. Şəxsiyyət vəsiqəmin FİN kodunu və müxtəlif məlumatlar da istədi. Bundan şübhələnərək qeyd edilən nömrə ilə Maqsud adlı şəxslə əlaqə saxladım. Mənə kobud cavab verdi, sonradan isə, ümumiyyətlə, telefona cavab vermədi”.
“Report”un əməkdaşı da Maqsud kimi təqdim edilən şəxslə əlaqə yaratsa da, o, sabah əlaqə saxlanılmasını deyərək cavab verməkdən imtina edib.
Vətəndaşların bu kimi hallarda xəbərdar olması üçün, “işə qəbul olunma” barədə sözügedən məktubu olduğu kimi, yəni orfoqrafik səhvlərlə birgə təqdim edirik:
“Salam. Hər vaxtınız xeyir olsun. Cənub Konserv zavoduna iş üçün müraciət etmisiniz. Cv sıralarından seçilmisiniz.
15 sentyabr 2020 həftənin ikinci günü işiniz başlayır. Vəzifəniz və işinizin mahiyyəti ofisdə Sizinlə söhbət əsnasında təyin olunacaq və təsdiqlənəcək.
Siz, milli ön ödəmə terminalı vasitəsi ilə 45 azn rüsum köçürmə etməlisiniz.
Bu Sizin Elektron hökumət portalından qeydiyyatdan keçirilməyiniz üçün həmçinin yeni qəbul olunan işçilərin və əməyin siğortası üçün nəzərdə tutulub. https://www.e-gov.az/az/news/read/47
Şəxsiyyət vəsiqənizin Fin kodu və Serya nömrəsi vasitəsi ilə elektron hökumət portalından qeydiyyatdan keçiriləcəksiniz. Sizə elektron arayış və ünvanlar vatsap vasitəsi ilə təqdim olunacaq. Əmək kitabçası və sosial suğorta kartı varsa gələrkən gətirəcəksiniz, yoxdursa adınıza yenisi açılacaq. İlk olaraq Şəxsiyyət vəsiqənizi və köçürmənizin qəbzi ilə yaxınlaşacaqsınız. Adınıza açılan KapitalBank əməkhaqqı kartından, Tibbi sığortadan, Vergilər nazirliyindən, pensionnu fonddan və əməyin müqaviləsindən qeydiyyatınız tamamlanacaq. Hər hansısa bir səbəbdən işləmək istəmədiyiniz, imtina etdiyiniz halda, mədaxil etdiyiniz 45 azn vəsait, ofisdə özünüzə nəğd olaraq geri qaytarılacaq.
Əməkhaqqınız: 800 azn ayda iki dəfə, 15 gündən bir kartınızla alacaqsınız.
İş üçün forma və nahar veriləcək.
Həftə içi 6 gün iş günü bazar günləri istirahət.
Bu günün saat 19:00 - a dək bizimlə əlaqə saxlamadığınız halda qeydiniz silinəcək.
Əlaqə: 050 457 48 09
Maksud müəllim.
Aşağıdakı linkə daxil olaraq portaldan icazəsi alınanlar bölümündən özünüzü görə bilərsiniz.
www.cenubkonserv.com
WhatsApp-da suallar yazmayın. Nə sualınız olsa göstərilən nömrəyə zəng edin Maksud məllim sizin suallarınızı cavablandıracaq. Təşəkkür edirik!”.
Qeyd edək ki, bu kimi əməllər qanunvericiliyə əsasən dələduzluq kimi qiymətləndirilir və Cinayət Məcəlləsində müvafiq cəza nəzərdə tutulub.
“Report”