Türkiyədə azərbaycanlı iş adamı, daşınmaz əmlakdan avtomobilə qədər sahəni əhatə edən “ISR Holding”in sahibi İskəndər Xəlilov barəsində dələduzluq maddəsilə cinayət işi başlanılıb.
Eləcə də bax: Özünü DTX əməkdaşı kimi təqdim edən sayt rəhbərinə - 7 İL HƏBS VERİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı, Türkiyənin “Sabah” qəzeti məlumat dərc edib.
İlk öncə bildirək ki, İskəndər Xəlilov Azərbaycan, Rusiya və Türkiyədə şirkətlərə sahibdir və Azərbaycanda tanınan “ISR Holding”in təsisçisidir. “ISR Holding”in şirkəti otelçilik (Hilton, Park IN), avtomobil (Toyota Baku, Lexus Baku, Bakı Maşın Bazarı və s.), daşınmaz əmlak (ISR Plaza, Nargis Plaza, Bakı Əyləncə Mərkəzi və s.), logistika (CIG Turkey, CIG Georgia, ISR-DTS, ISR-LAM), moda pərakəndə (Retail Group Azerbaijan – ZARA), kənd təssərrüfatı (Azerbaijan Flovers Kompani), IT, sənaye avadanlıqları (ISR INDUSTRIAL EQUIPMENT), qida və içki, treydinq (Silk Road Commodities), ekoloji sahə (Carbon Cunsalting) kimi sahələrdə fəaliyyət göstərir.
İddiaya görə, iş adamı Xəlilov ortağı olduğu turizm şirkəti “Desing Plus”u sahibi olduğu digər şirkət vasitəsilə 4 milyon lirə aldadaraq, onun pulunu mənimsəyib.
Turizm sahəsinin qabaqcıl şirkətlərindən olan “Desing Plus”un sahibi Erdal Danyal idi və qeyd edilir ki, bu ilin may ayında vəfat edib.
Şirkətin səhmləri Erdal Danyalın həyat yoldaşı Filiz və qızı Ayşe Danyallara ötürülüb. Digər ortaq isə Türkiyə mediasında Rus iş adamı kimi təqdim edilmiş İskəndər Xəlilov olub. Xəlilov həm də “Mra Turism”in də təsisçisi və baş icraçı direktorudur.
İddia olunur ki, “Desing Plus”un “Mra Turism”dən 4 milyon lirə alacağı olub. Pulunu geri almaq istəyən “Desing Plus”un nümayəndələri məhkəməyə üz tutub.
Qarşı tərəf isə məhkəməyə etiraz edərək, öz aralarında razılaşdıqlarını bildirib.
Yenə iddiaya görə, “Mra Turizm” tərəfindən 3.26 mln. lirəlik ödəniş edildiyini göstərən sənəd icra faylına təqdim edilib. Ancaq “Desing Plus” sənədləri yoxlayarkən belə bir ödənişin həyata keçmədiyini müəyyən edib. Bundan sonra “Desing Plus”un rəhbərləri Filiz və Ayşe Danyallar prokurorluğa müraciətlərində iş adamı İskəndər Xəlilovu dələduzluqda ittiham edərək, şirkətə 4 milyon lirəlik məbləğində ziyan vurduğunu irəli sürüblər.