İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.
Eləcə də bax: İranın Azərbaycandakı səfiri XİN-ə - ÇAĞIRILIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb.
Bildirilib ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişdir. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplamışdır. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət etmişdir.
Başqa bir araşdırma ilə müəyyən edilmişdir ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşmişdir. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərmişdir.
Eyni zamanda müəyyənləşdirilmişdir ki, digər Azərbaycan Respublikası vətəndaşı Ağazadə Bəxtiyar Rafiq oğlu dini təhsil almaq üçün İran İslam Respublikasında olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlamış, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranmışdır.
Həmçinin müəyyən edilmişdir ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən Məmmədov Orxan Kəmran oğlunun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları “Telegram” tətbiqi sistemi vasitəsilə sonuncuya göndərmişdir.
Azərbaycan Respublikasının vətəndaşları Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuşlar.
Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilmişdir. Məlum olmuşdur ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilmişdir.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.