İrandan Azərbaycana 11 kq-a yaxın qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb.
Eləcə də bax: 20 qram qızılın v 0,5 karat almazın aksiz ödəmədən idxalı güzəşti - Ləğv Edilir
Bu barədə FED.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, iyun ayının 1-də saat 03:20 radələrində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, yerli hüquq mühafizə orqanları məlumatlandırılaraq sərhəd pozucularının təqibinə başlanılıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri təqib olunaraq yaşadığı evinin həyətyanı sahəsində saxlanılıb. Onun Yardımlı rayonunun Avaş kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Mehman Valeh oğlu olması müəyyənləşdirilib.
Araşdırma zamanı M.Quliyev həmkəndlisi, 1990-cı il təvəllüdlü Mayılov Rahim Abdulla oğlu ilə birgə digər həmkəndlisi Ağayev Nazim İmanali oğlunun sifarişi əsasında İrandan qızıl-zinət əşyaları gətirmək məqsədilə dövlət sərhədini pozmalarını etiraf edib.
M.Quliyevin yaşadığı evə baxış keçirilərkən 10 kiloqram 790 qram qızıla bənzər zinət əşyaları aşkarlanıb, cinayətin digər iştirakçısı R.Mayılovun saxlanılması məqsədilə keçirilən axtarış tədbirləri zamanı onun yaşadığı evdən qaçaraq gizlənməsi məlum olub.
Polis əməkdaşları ilə birgə R.Mayılovun yaşadığı mənzilə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə İİR-dən gətirilən 7 050 qutu “Marlboro" markalı siqaretlər aşkar olunaraq götürülüb.
Qaçaqmalın sifarişçisi Avaş kənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Nazim İmanali oğlu saxlanılıb, R.Mayılovun axtarışı üzrə tədbirlər davam etdirilir.