Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2016-cı il 30 sentyabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 4.4-cü, 138.5-ci və 272.4-1-ci maddələr əlavə edilir:
“4.4. İqtisadi mübahisələr ilə bağlı iddia ərizələri, ərizələr, şikayətlər və digər sənədlər məhkəməyə yazılı formada və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş elektron sənəd formasında verilə bilər.
138.5. İqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə bildirişləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat elektron qaydada (elektron poçt və ya SMS vasitəsilə) çatdırılır.
272.4-1. İqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər.”.
Bu qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.