Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar oğlu həbs edilib.
FED.az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Ü.Həsənova Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilib.
Məlumata görə, onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - Hərbi Prokurorluqdan bildirilib (Report).
FED.az-ın məluymatına görə, sözü gedən maddələr Mənimsəmə və ya israf etmə ((Maddə 179 ), eləcə də Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma (maddə 341) hallarını əhatə edir.
179-cu maddənin həmin hissəsinə görə - Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama — külli miqdarda - 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
341-ci maddəyə - 341.1. Rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.