Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin keçmiş müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Eləcə də bax: Şahid: "XİN-in şirkətə köçürdüyü pulu Səlim Əlizadəyə nağdlaşdırıb borc olaraq verdim"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.
Çingiz Abışov ifadəsində bildirib ki, 6-7 şirkət açaraq şirkətlərin hesabına gələn pulları bankdan çıxararaq Rövşən adlı şəxsə verib. O, bunun qarşılığında ayda 300 manat pul alıb. Şahid bu işdən ümumilikdə 7-8 min manat pul qazandığını bildirib.
Şahid Tural Niftəliyev isə adına açılan şirkətin hesabından bir neçə dəfəyə ümumilikdə 19 min manat çıxarıb Rövşənə verib: “Hər dəfə pulu bankdan çıxarıb ona verəndə, mənə də 5 manat verirdilər”.
Şahid Günel İsayeva Səlim Əlizadəni tanıdığını və ondan şirkət açmaqla bağlı təklif aldığını deyib: “Dedilər ki, şirkət yarat, işləyək, sənə də pul verərik. Mənim onsuz da şirkətim var idi. Həmin şirkətin adına pullar göndərirdilər və mən pulu nağdlaşdırıb Səlim müəllimə verirdim. Hər belə əməliyyatdan mənə 150-200 manat qalırdı”.
G.İsayevanın istintaqa verdiyi ifadəsinə görə, onun şirkətinə ümumilikdə 135 min manatlıq köçürmə olub.
Şahid Svetlana Gülməmmədova bildirib ki, Səlim Əlizadənin təklifi ilə öz adına firma açıb və firmanın bank hesabına gələn pulları nağdlaşdıraraq S.Əlizadəyə verib. O, ümumilikdə 75 min manat nağdlaşdırıb və bu işə görə məbləğin 1 faizi ona çatıb.
Sonuncu şahid Məhyəddin Hüseynov usta işlədiyi ev yiyəsi tərəfindən şirkət açmaqla bağlı təklif aldığını deyib. O, şirkət açsa da, heç bir əməliyyatda iştirak etmədiyini bildirib.
İttiham aktından məlum olub ki, M.Hüseynov şirkəti açdıqdan sonra etibarnamə ilə onun şirkətinin hesabına köçürülən pullar çıxarılıb. Proses oktyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, ittihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. F. Mollazadə dəymiş ziyanın 2,3 milyon manatını ödəyib.