Azərbaycanda bir neçə gün əvvəl iqtisadi təhlükəsizliyə təhdid və külli miqdarda mənimsəmə ittihamları ilə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus aktivlərin satışı başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı «Ship & Bunker» nəşrinə istinadən xəbər verir ki, söhbət Adnan Əhmədzadəyə məxsus, yanacaq satışı və logistikası ilə məşğul olan «Oilmar» şirkətindən gedir.
Azərbaycandakı əmlaklarına həbs qoyuldu - Xanımının bank hesabları bloklandı
Tam adı «Oilmar Shipping and Chartering DMCC» olan şirkət Dubayda qeydiyyatdan keçib və «Ship & Bunker»in araşdırmasına görə, 2024-cü ilin martına olan vəziyyətə səhmlərinin 100%-i Adnan Əhmədzadəyə məxsus olub. Son dövrə qədər «Oilmar» gəmi yanacağı logistikası bazarında aktiv oyunçulardan biridir.
"İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə" - İTTİHAMLAR AÇIQLANDI
Ötən həftə şirkətin sahibinin həbsi ilə yaranan ilk şokdan sonra şirkətin menecmenti aktiv fəaliyyətə keçib və «Oilmar»ın səhmlərinin geri alışına başlayıb.
«Oilmar»ın baş direktoru Yusif Məmmədov şirkətin müştərilərinə və tərəfdaşlarına müraciət edərək şirkətin fəaliyyətinin normal şəkildə davam etdiyini, səhmlərin isə geri alındığını - “management buy-out” (idarəetmənin geri alımı) elan edib.
Adnan Əhmədzadə barəsində həbs qərarı verildi - Cinayət işini DTX aparır
Qeyd edək ki, adətən şirkətlərdə səhmlərin “management buy-out” üsulu ilə geri alınması şirkətin rəhbərliyi ilə bağlı problem yarananda, eləcə də onun reputasiyası zədələnəndə baş verir. Belə olan halda şirkət səhmlərini ucuzlaşmadan qorumaq üçün özü geri alır.
Məqsəd - araşdırma dövründə şirkətin davamlı fəaliyyətini təmin etmək, biznesin dayanıqlığını qorumaqdır. Yəni, yaranmış problemlərin (həbs və ittihamlar) şirkətin əməliyyatlarına mənfi təsir etməsinin qarşısını almaqdır.
Çünki belə vəziyyət şirkətin nüfuzuna və fəaliyyətinə risk yaradır. Sahibi ilə bağlı hüquqi və ictimai şübhələr varsa, digər səhmdarlar, tərəfdaş və müştərilər narahat ola bilər.
Y.Məmmədovun adından yayılan məlumata görə, hazırda «Oilmar»ın rəhbərliyi şirkətin səhmlərini geri almaqla idarəçiliyi əlinə götürür: «Hazırda şirkətin rəhbərliyi Oilmar DMCC-nin bütün səhmlərinin alınması prosesini həyata keçirməklə məşğuldur»-deyə Məmmədovun adından göndərilən məktubda bildirilir. «Səhmlərin alınması prosesi fəal surətdə gedir və yaxın gunlərdə başa çatacaq. Bu strateji addım şirkətimizin fəaliyyətinin fasiləsizliyini təmin etmək və biznesi istəniən potensial problemlərdən qorumaq məqsədi daşıyır».
Hələlik sözügedən şirkətin Adnan Əhmədzadənin ittiham olunduğu cinayətlərə hər hansı aidiyyatının olması ilə bağlı heç bir məlumat yoxdur: «biz sizi əmin etmək istəyirik ki, bu problem (yəni Adnan Əhmədzadənin həbsi – FED.az) bizim gündəlik fəaliyyətimizə və yüksək keyfiyyətli xidmət göstərmək qabiliyyətimizə təsir etməyəcək. Biz adi rejimdə, həmişəki dürüstlük və peşəkarlıq standartlarına əməl etməklə işləməkdə davam edəcəyik».
Qeyd edək ki, «Oilmar» fəaliyyət göstərdiyi sahədə ciddi şirkətlərdən sayılır. Belə ki, «Oilmar» hazırda 60-dan çox ölkədə fəaliyyət göstərir. Həmçinin müxtəlif limanlarda, o cümlədən Qara Dənizdəki Kulevi, Supsa, Novorossiysk limanlarında, Yaxın Şərq, Aralıq dənizi, Cənub-Şərqi Asiya və s. regionlarda ticarət və chartering işləri həyata keçirir. Şirkət ilk dəfə 2022-ci ildə öz fəaliyyətindən 1 milyard dollar gəlir əldə edib.
2023-cü ildə isə il ərzində 1 milyon ton dəniz yanacağı (marine fuels) satıb. Bu, əvvəlki illə müqayisədə 124%, yəni 2,2 dəfə artım deməkdir.