Müəyyən edilmiş müddətdə haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək.
FED.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün rəqəmsal platforma təsirçisinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddətdə həmin reklamın təkzib edilməməsinə və ya təkzibin yayımlama şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.