İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun həbs edildiyi barədə məlumat yaysa da, o, məsələ ilə bağlı bir qədər əvvəl mediaya açıqlama verib.
FED.az biznes və maliyyə xəbərləri portalı Qaynarinfo-ya istinadən xəbər verir ki, Hafiz Məmmədov açıqlamasında bu gün borclarını qaytardığını qeyd edib: “Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.
Eləcə də bax: Azərbaycanın məşhur iş adamı - HƏBS EDİLİB
Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: “Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb. Bu barədə bugün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriblər.
Qeyd edilib ki, başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.