«Gilan Holding» şirkəti holdinqə daxil olan «Azsığorta» ASC-yə görə məhkəmədə uduzub.
Bu barədə FED.az-a məhkəmədə qarşı tərəfi təmsil edən hüquqşünas İlkin İbrahimov bildirib. Qeyd edək ki, məhkəmə mübahisəsi sığorta hadisəsi ilə bağlı olub.
Eləcə də bax: Nazirlik “Gilan Holding”i - MƏHKƏMƏYƏ VERDİ
Hadisə 19.03.2019-cu il tarixində İmişli-Saatlı yolunda baş verib. Məmmədov İlqar İmamverdi oğlunun mülkiyyətində olan “KAMAZ” markalı, 11-BC-626 nömrəli avtomobil «Azsığorta» ASC-da icbari sığortası sürücünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 9 426 manat məbləğində zədələnib.
«Hadisə ilə bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfində müvafiq yoxlama aparılıb, toplanmış materialların surəti, o cümlədən “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsində göstərilən digər sənədlər «Azsığorta» ASC-yə təqdim edilib»- deyə İ.İbrahimov bildirib.
Buna baxmayaraq «Azsığorta» ASC zərərçəkmişlə ədalətli rəftar etməyib və öhdəsinə düşən zərəri deyil, daha az məbləğ ödəməyə razılaşıb. İlkin İbrahimov bildirir ki, sığorta şirkəti hadisəyə görə dəyən zərəri vaxtında və ədalətli qiymətləndirməyib, sığorta tələbi üzrə sığorta ödənişinin mümkün olan ən tez müddət ərzində ödəməmişdir.
Bundan başqa, «Azsığorta» ASC İlqar Məmmədovu lüzumsuz olaraq dəfələrlə bölgədən Bakı şəhəri çağırıb, amma o üzləşdiyi haqsızlıqlarla bağlı rəhbər şəxlərlə görüşə bilməyib.
Eləcə də bax: “Gilan Holdinq” xariclə valyuta əməliyyatlarına görə - CƏRİMƏLƏNİB
Bununla bağlı vətəndaş «Azsığorta» ASC-ni və onun məxsus olduğu «Unıted Enterprıses Azərbaycan» MMC-ni (“Gilan Holding” Şirkətlər Qrupu) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verib.
Bu gün keçirilən məhkəmə prosesində şikayətçi tərəf qalib gəlib. Məhkəmənin qərarına görə, «Azsığorta» zərərçəkmişə 4800 AZN ödəniş verməlidir. Sığorta şirkəti tərəfindən zərərin nə qədər aşağı qiymətləndirildəyini göstərmək üçün qeyd edək ki, şirkət həmin hadisəyə görə, zərər çəkənə 1500-1800 manat ödəniş təklif etmişdi.
Zərərin qalan hissəsi - təqribən 4600 manat isə hadisəni törədən sürücünün özəndən tələb olunacaq.