Gəncə şəhəri ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı həyata keçirilən tədbirlər davam etdirilir.
Bu barədə FED.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.
Gəncə icra başçısının müvafiq sərəncamı ilə yaradılan “İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.
Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları bir neçə gün əvvəl şəhərin Nizami Gəncəvi prospektində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparıblar.
Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində ötən gün Azərbaycan Respublikasının “İnzibati xətalar məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib, səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunub. Yığılan məhsullar, qanunamüvafiq qaydada akt tərtib edilərək, aidiyyəti üzrə təhvil verilib.