Gəncədə fəaliyyət göstərən mağazada istifadə müddəti bitmiş pestisidlər aşkarlanıb.
FED.az agentliyə istinadən xəbər verir Kİ, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirir.
Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhəri, Tağı-Arani küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən, Mirzəyev Faiq Mirzə oğluna məxsus mağazada keçirilən plandankənar yoxlama zamanı dövlət qeydiyyatına alınmamış və istifadə müddəti bitmiş 4 adda (“Afaroz 40 SL”, “Maqna”, “Avirmec”, “Mostar”) pestisid aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı mağaza sahibi inzibati məsuliyyətə cəlb olunub və icrası məcburi göstərişlər verilib.
AQTA bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı və idxalı ilə məşğul olan sahibkarları öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirməyə və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır.