Məşhur “Clear” hotelin sahibi kimi tanınan Fəxrəddin Feyziyevin 2 milyondan çox pulunu dələduzluq yolu ilə ələkeçirmə ittihamı ilə 10 il azadlıqdan məhrum edilmiş Elşən İsmayılovun şikayətinə baxılıb.
“Clear”in sahibinin 2,3 milyonunu ələ keçirənə - AĞIR CƏZA
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ittihamla əlaqəsiz olduğunu deyib.
Müttəhim özü də əvvəlki məhkəmədəki kimi burada da günahsız olduğunu deyərək bəraətini tələb edib.
Emin Mehdiyevin sədrlik etdiyi hakimlər heyəti müdafiə tərəfinin şikayətini əsaslı hesab edib.
Məhkəmə belə qənaətə gəlib ki, müttəhimin təqsirli olduğuna dəlalət edən kifayət qədər dəlil və sübut yoxdur. Bu əsasla E.İsmayılov barəsində bəraət qərarı çıxarılıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
İttihama görə, Elşən İsmayılov Fəxrəddin Feyziyevə Dubayda iş quracağı vədi verərək ondan 2.3 milyon manat alıb. O, sonradan vədinə əməl etməyib. Bundan başqa E.İsmayılov başqa bir şəxsə də eyni vəd verərək 1,5 milyon manat ələ keçirib.
E. İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü- (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, mediada yayılmış məlumatlara görə, Fəxrəddin Feyziyev və qardaşı Fikrət Feyziyev Bakıda “Clear” və “İron” hotellərin sahibi olublar. Həmçinin qardaşlar 90-cı illərdə İrana qırmızı civə satışını həyata keçirməklə yüksək gəlir əldə ediblər. Onlar 20 il əvvəl MTN tərəfindən tutulub, qısa müddət sonra azadlığa buraxılıblar.