Azərbaycanda eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilən mənzil tikinti kooperativinin (MTK) sədri Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəməsi başlayır.
Azərbaycanda eyni mənzili ayrı-ayrı şəxslərə satan tikinti şirkətinin rəhbəri - HƏBS EDİLİB
FED.az xəbər verir ki, işin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Vüqar Quliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla “Star-M” MTK-nın təsisçisi və sədri, eyni zamanda “ŞANS” MTK-nın faktiki rəhbəri olmuş M.Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilən 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.