Xəbər verdiyimiz kimi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi tərəfindən bir sıra şirkətlər dövlət satınalmaları üzrə «etibarsız təchizatçılar» siyahısına əlavə edilmişdi. Yəni bu şirkətlərə Agentlik tərəfindən tenderlərdə iştirak etmək qadağan olunmuşdu. Amma bəzi şirkətlər var ki, həmin şirkətlər «etibarsız təchizatçılar» siyahısına əlavə edilsə də, sonradan həmin siyahıdan çıxarılıblar. Bu şirkətlər «Create İndustry» MMC, «SPC» QSC və « Kon-Lay Project» QSC idi.
Azərbaycanda bu şirkətlərə tenderlərdə iştirak etməyə - QADAĞA QOYULDU –SİYAHI
Bəs necə oldu ki, bu şirkətlər Agentliyin «qara siyahı»sından çıxa bildi?
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalının sorğusunda cavab olaraq Agentlikdən bildirib ki, «Create İndustry» MMC, «SPC» QSC və «Kon-Lay Project» MMC tərəfindən Agentliyin müvafiq olaraq qəbul etdiyi etibarsız təchizatçılar reyestrinə salınma barədə Qərarlara dair Bakı İnzibati Məhkəməsinə müraciətlər edilib.
Eyni zamanda, Agentliyin Qərarlarından müvəqqəti müdafiə tədbiri barədə ərizələr də müraciətlərə əlavə edilib. Bakı İnzibati Məhkəməsinin müvafiq Qərardadlarına (məhkəmə işi mahiyyəti üzrə tam həll etməyən rəsmi sənəd və ya qərar növü – red FED.az) əsasən, müvəqqəti müdafiə tədbiri barədə ərizələr təmin edilib və sözügedən təchizatçıların etibarsız təchizatçılar reyestrinə salınması barədə Qərarların icrasının dayandırılması müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Bu baxımdan, Agentlik tərəfindən Bakı İnzibati Məhkəməsinin müvafiq Qərardadları dərhal icra edilib və adıçəkilən təchizatçıların etibarsız təchizatçılar reyestrinə salınması barədə Qərarın icrası dayandırılıb.
Bununla belə, sözügedən təchizatçılar etibarsız təchizatçılar reyestrindən çıxarılmayıb. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 163.1-ci maddəsinə əsasən, Agentlik tərəfindən məhkəmənin həmin Qərardadlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəməsinə şikayətlər verilib. Hazırda məhkəmə prosesləri davam edir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 163.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbiri haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır.














