Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Nəcəfov Elşən Yunis oğlunun terror aktı hazırlığında ittiham olunması ilə bağlı cinayət işinə baxılır.
Azərbaycanda terror planlaşdıran şəxs - HƏBS EDİLİB - VİDEO
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş materiallarına əsasən, 38 yaşlı Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən anidən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.
Ona Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) və digər maddələri ilə ittiham elan edilib.
İyulun 29-da keçirilən məhkəmə iclasında növbəti şahid ifadəsi elan edilib.
Şahid qismində dindirilənlərdən İbrahim Əlirzayev təqsirləndirilən şəxsi başqa adla açdığı sosial şəbəkədən tanıdığını deyib. Şahid, həmçinin Elşən Nəcəfovun iş materiallarına əlavə edilib, Azərbaycan dövlətinin suverenliyi əleyhinə paylaşımları barədə də məlumat verib.
Həmin iclasda Elşən Nəcəfov ifadə verə bilməyəcəyini və özünü yaxşı hiss etmədiyini bildirərək məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin olunub.