Azərbaycan vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmət orqanları tərəfindən onlardan kəşfiyyat-pozuculuq, terror-təxribat məqsədləri üçün istifadə olunması barədə daxil olan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Məlumata görə, görülmüş müvafiq tədbirlərlə Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətin rəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinin törədilməsinə cəlb edilib, özlərini "kriminal aləm"in nümayəndələri hesab edən Azərbaycanın vətəndaşları müəyyənləşdirilərək ifşa olunublar.
Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlunun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, Azərbaycana gətirilərək istintaqa cəlb edilib.
Eləcə də, bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Səfərov Nurlan İlham oğlu və 1983-cü il təvəllüdlü İsrafilov Edik Nəbi oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Adları çəkilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Davam edən tədbirlər və cinayət məsuliyyətinə cəlb edilmiş digər şəxslər barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.










