Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Eləcə də bax: Rüşvətxorluq – ümumi anlayış və istiqamətlər
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb. Dövlət Xidməti məhkəməyə mülki iddia təqdim edib.
Məlum olub ki, Zakir Sultanov tərəfindən zərər tam olaraq ödənilib. Zərər 5 milyon manatdan çoxdur. Z.Sultanov zərərin 4 milyon manatını nağd şəkildə ödəyib.
Onun 600 min dollarlıq əmlakı və daha 130 min, 10 min, və 20 min dəyərində olan əmlaklarına da həbs qoyulub. Z.Sultanov həmin əmlakların zərərin əvəzi kimi hesablanmasına razılıq verib.
Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Z.Soltanovun Bakı İstintaq Təcridxanasına Köçürülməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edilib. Məhkəmə vəsatəti təmin edib.
Prosesdə vəkillər Zakir Sultanovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət də veriblər. Bildiriblər ki, Z.Sultanov zərəri tam ödədiyi üçün ev dustaqlığına buraxıla bilər.
Məhkəmə vəsatəti təmin etməyib və baxış iclası avqustun 13- nə təyin edilib.
Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə suçlanır.
Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. (Musavat.com)