Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) bu gün Beyləqan rayonunda Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatla bağlı açıqlama yayıb.
DTX Beyləqanda əməliyyat keçirdi - Vəzifəli Şəxs Saxlanıldı
FED.az xəbər verir ki, Xidmətin açıqlamasına görə, əməkdaşlarının qanuna uyğun fəaliyyəti və neqativ halların aradan qaldırılması Xidmətinin prioriteti hesab edilir:
«ƏMDX korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Qeyd edək ki, son illərdə Dövlət Xidmətinin bəzi əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə tədbirlər həyata keçirilib».
Beyləqandakı əməliyyata gəlincə, ƏMDX bildirir ki,
«KİV-lərdə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Beyləqan Ərazi idarəsinin əməkdaşının saxlanılması xəbəri ilə bağlı bildiririk ki, yol verilən qanun pozuntusu barədə Xidmətə daxil olmuş məlumatlar hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilib. Hazırda araşdırma aparılır".
Xatırladaq ki, əməliyyat nəticəsində Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyev saxlanılıb. O, rüşvət almaqda şübhəli bilinir.
Əmlak Xidməti isə bildirir ki, aparılan araşdırmanın qərəzsizliyinin və barələrində təhqiqat aparılan şəxslərin hüquqlarının təmin edilməsi, hal-hazırda təhqiqat prosesinin fəal fazada olmasını, həmçinin təqsirsizlik prezumpsiyasını əsas götürərək araşdırmanın gedişatı barədə rəsmi məlumatın səlahiyyətli orqanından gözlənilməsini məqsədəuyğun hesab edirik. Hazırkı məqamda ƏMDX tərəfindən əlavə şərhlərin verilməsi nəzərdə tutulmur».