Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 10-da Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə bağlı aparılan əməliyyatın detallarını açıqlayıb.
FED.az xəbər verir ki, DTX-nin məlumatına görə, əməliyyatın aparılmasına səbəb bu sahədəki qanun pozuntuları ilə bağlı DTX-yə daxil olan məlumatlar olub.
Həmin məlumatlar əsasında iyunun 10-da cinayət işi və əməliyyat tədbirləri başlayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Dövlət Gömrük Komitəsi yanında «Azərterminalkompleks» birliyinin direktoru Xəlilov Ehtiram Səyyaf oğlu gömrük hərracları qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olaraq dövlət mülkiyyətinə keçirilmiş malların və avtomobilləri real dəyərindən aşağı qiymətləndirilməsi və satışını təmin edirmiş.
Qeyd edək ki, «Azərterminalkompleks» birliyində gömrükdə müsadirə olunan mallar toplanır və sonradan onlar hərracda satılmalıdır. Amma indi məlum olur ki, terminalın rəhbərliyi həmin malları qəsdən dəyərindən aşağı qiymətləndirərək rüşvət müqabilində müxtəlif şəxslərə satdırırmış.
«Azərterminalkompleks»in direktoru Ehtiram Xəlilov bu işlərə görə öz işçiləri vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət alıb.
Cinayət işi üzrə Ehtiram Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Aparılan araşdırmada Gömrük Komitəsi rəsmilərinin digər cinayəti də aşkar edilib. Məlum olub ki, Komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Babayev Rəşad Tofiq oğlu və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Səfərov Şükür İsbəndiyar oğlu qabaqcadan əlbir olaraq ölkəyə daxil olan xarici yük maşınlarından rüşvət toplayırmışlar. Ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən TIR-ların sərhəddəki gömrük nəzarət postlarından buraxılması və bunun üçün maneə yaradılmaması müqabilində həmin yük maşınlarının hər birinə görə sahiblərindən külli miqdarda rüşvət alırmışlar.
Rəşad Babayev və Şükür Səfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, 1 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, araşdırmada məlum olub ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlu öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri ilə birlikdə nağdlaşdırma əməliyyatlı ilə məşğul imişlər.
Onlar “Azərterminalkompleks” Birliyi tərəfindən guya hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında (amma faktiki olaraq xidmət göstərilmədən) bir neçə şirkətə - “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən və sonradan nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda büdcə vəsaitin mənuimsəyiblər.
Həmçinin FED.az xəbər verdiyi kimi, Məsum Rəsulov müsadirə edilmiş, “Azərterminalkompleks” Birliyində saxlanılan və Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttindəki hərbi qulluqçularına paylanılması si nəzərdə tutulan siqaretləri Müdafiə Nazirliyinin şəxsi münasibətdə olduğu əməkdaşı vasitəsilə qeyri-qanuni rəsmiləşdirərək satdırırmış.
Məsum Rəsulov iyulun 14-də şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.