Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Cinayət Məcəlləsinin 308-1-ci maddəsində (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) cinayətin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınıb. Maddənin indiyə qədər qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda (doqquz min manatdan on üç min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə "cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında" müəyyən edilib. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilib. Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması da əlavə edilib.
Qanuna əsasən, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunan 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir. Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
Bundan başqa, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunan3-cü bəndə əsasən, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.
***
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013; 2026, № 1, maddələr 16, 19; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanunu) 308-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “və ya büdcədənkənar dövlət fondlarının” sözləri “, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin.
2. 308-1.1-ci maddə üzrə:
2.1. dispozisiyada “və ya büdcədənkənar dövlət fondlarının” sözləri “, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2. sanksiyada “doqquz min manatdan on üç min manatadək miqdarda” sözləri “cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında” sözləri ilə əvəz edilsin.
3. 308-1.2-ci maddənin sanksiyasına “üç ilədək” sözlərindən əvvəl “cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında cərimə edilməklə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud” sözləri əlavə edilsin.
4. “Qeyd” hissəsinin mətni 1-ci bənd hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda 2-ci və 3-cü bəndlər əlavə edilsin:
“2. Bu maddədə “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə bu Məcəllənin 195-2-ci maddəsinin “Qeyd” hissəsindəki anlayış nəzərdə tutulur.
3. Bu maddədə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayətin predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaiti) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 aprel 2026-cı il













