Ali Məhkəmə əsassız şikayətlər göndərməklə süni şəkildə məhkəmələrin iş yükünü artıran dövlət qurumlarına müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə inzibati işlər üzrə məhkəməyə göndərilən işlərin kəskin artdığını, o cümlədən bu ilin I rübündə Ali Məhkəmənin İnzibati Kollegiyasına ötən illə müqayisədə 60 faiz daha çox iş daxil olduğu vurğulanıb. Qeyd edilib ki, məhkəmələrdə iş yükünün artması məhkəmə fəaliyyətinin keyfiyyətinə maneə yaradır:
“Təhlillər onu deməyə əsas verir ki, inzibati orqanlar fəaliyyətlərində “İnzibati icraat haqqında” Qanunun normalarını rəhbər tutmur, formalaşmış məhkəmə təcrübəsi inzibati orqanlar tərəfindən nəzərə alınmır, formal şikayətlərin verilməsi təcrübəsi davam edir.
Bəzi təkrarlanan mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsinə baxmayaraq, yenidən eyni əsaslarla inzibati icraatda vətəndaşların müraciətlərinin təmin edilməməsi, məhkəmədə vətəndaşın xeyrinə çıxarılmış qərardan Ali Məhkəməyədək şikayətlərin verilməsi təcrübəsi qalmaqda davam edir. Nəticə etibarilə, qanunvericiliyin tətbiqi ilə bağlı məhkəmələrin hüquqi mövqeləri inzibati orqanlar tərəfindən nəzərə alınmır.
Hakimlərin həddən artıq işlə yüklənməsinə səbəb olmaq ölkədə ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinə də təsir edir. Belə ki, bir işin öyrənilməsinə sərf olunan vaxtın azalması ilə keyfiyyətli məhkəmə araşdırmasını riskə atır. İş yükü həm də məhkəmə xərclərinin artmasına və əlavə dövlət vəsaitinin xərclənməsinə gətirib çıxarır.
Əsaslandırılmamış şikayətlər məhkəmə mübahisələrinin sayının süni şəkildə çoxalmasına və hüquqların ağlabatan müddətlərdə həyata keçirilməməsinə səbəb olur. Beləliklə, inzibati orqanlar məhkəmələrdə təkrarlanan işlərin yaranmaması üçün öz fəaliyyətində məhkəmə təcrübəsini nəzərə almalı, əsaslandırılmamış apellyasiya və kassasiya şikayəti vermək praktikasından imtina etməlidirlər”.