Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən FED.az-a bildiriblər ki, aparılmış araşdırmalar zamanı məlum olub ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə “Rəqəmli Dövr” MMC arasında bağlanmış müqavilə üzrə nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə həmin Cəmiyyətə 2018-ci il noyabrın 14-də külli miqdarda ödəniş edilib.
Habelə ölkədə keçirilmiş ticarət festivalları (“Şoppinq festival”) üzrə icraçı müəssisə olan “Azərbaycan Konqreslər Bürosu” MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə nazirlik tərəfindən həmin Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib.
Bundan əlavə, araşdırmalarla nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən olunub.
Faktlarla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi "Rəqəmli dövr" şirkətinini xidmətlərindən 2020-ci ilədək istifadə edib. Belə ki 2020-ci ildə Nazirliyin keçirdiyi 2 tenderin qalibi olan MMC nazirlikdən müvafiq olaraq 262 min 360 manat və 219 min manat ödəniş alıb.