Azərbaycan Dövlət Arxivinin Şirvan filialının direktorunun qanunsuz əməlləri ifşa edilib.
Eləcə də bax: Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
Bu barədə FED.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, filialın direktoru Hamlet Hüseynovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Aparılan əməliyyat-istintaq tədbirləri ilə Hamlet Hüseynovun qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2022-ci ilin aprel-may aylarında torpaq sahəsi üzrə arxivdə olan zəruri sənədlərin, eləcə də əmək stajlarının artıq hesablanması məqsədi ilə saxta arxiv arayışı əldə etmək üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Hamlet Hüseynova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və təqsirləndirilən şəxsin digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.