“Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən vətəndaşlara virtual nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinir. Bununla bağlı vətəndaşlar tərəfindən Daxili İşlər Nazirliyinə də müraciətlər edilir”.
Eləcə də bax: "Kaspersky" Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa - Çağırır
FED.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov deyib.
DİN əməkdaşı qeyd edib ki, həmin dələduzlar tətbiq edilən xüsusi gizli sosial kiberüsullar vasitəsilə məlumatsız, əsasən yaşlı nəslin nümayəndələrinə zəng etməklə özlərini hansısa bankın əməkdaşı kimi təqdim edirlər: “Daha sonra onlar müxtəlif həvəsləndirici təkliflər vasitəsi ilə vətəndaşların bank kartlarındakı məlumatları, yəni, kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.
Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb bank kart məlumatlarını ötürməsinlər, kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələrinə məlumat versinlər”. (Apa)