Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev korrupsiya barədə məlumat verən şəxslər üçün nəzərdə tutulan kompensasiya məbləğinin və mükafatın artırılmasını təklif edib.
Rüşvət barədə məlumat verənlər üçün mükafat - Dövlətə ödənilən ziyanın 5%-i ödəniləcək
FED.az xəbər verir ki, Qüdrət Həsənquliyev bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat deyib ki, layihədə korrupsiya barədə məlumat verən şəxs öldürüldüyü halda ona cəmi 20 min manat kompensasiya ödənilməsi nəzərdə tutulur: “Bu, olduqca kiçik bir rəqəmdir. Yəni bu rəqəmi ən azı, minimum 150 min manat məbləğində müəyyən etməliyik. İndiki şərtlər altında bunu nəzərə almalıyıq”.
Qüdrət Həsənquliyev həmçinin korrupsiya nəticəsində mənimsənilən vəsait barədə məlumat verən şəxsə ödənilən məbləğin az olduğuna diqqət çəkib: “ABŞ-da əgər şəxs hər hansı iri korrupsiya cinayəti haqqında məlumat verirsə və vəsait dövlətə qaytarılırsa, həmin şəxsə qaytarılan vəsaitin 10 faizindən 30 faizə qədəri ödənilir. Müzakirəyə çıxardığımız qanun layihəsində isə bu halda 5 faiz nəzərdə tutulur”. (Apa)












