Azərbaycanda dələduzlar bank kartı məlumatlarını yeni üsulla əldə etməyə çalışır.
Eləcə də bax: Azərbaycanda bank məlumatlarını oğurlayan yeni hücumlar - Qeydə Alınıb
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı “ATV xəbər” süjet hazırlayıb.
Vətəndaş Aysel Nağıyeva əgər vaxtında duyuq düşməsəydi, “fişinq” hücumundan zərər çəkənlərdən biri olacaqdı. Deyir, bir neçə gün öncə öyrənib ki, onların ev telefonundan müxtəlif mobil nömrələrə zəng olunur. Naməlum şəxslər zəng etdiyi insanlardan bank kartlarının məlumatlarını istəyir.
A.Nağıyeva deyir ki, özünə məxsus ev telefonundan möbil nömrələrə çıxış yoxdur, amma müxtəlif mobil nömrələrdən ona zəng olunur ki, bir müddət öncə bu nömrədən zəng gəlib. Ard-arda baş verən bu zənglər onu şübhələndirib:
“Valideynlərimə bildirdim ki, hüquq-mühafizə orqanlarına da bildirməliyik, çünki insanlar bizim nömrəmizdən istifadə edərək zəng edirlərsə, bu sabah bizə də problem ola bilər”.
A.Nağıyevanın qarşılaşdığı faktla bağlı Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi məlumat açıqlayıb. Açıqlamada vətəndaşlara xəbərdarlıq olunur ki, gələn telefon zənglərinə cavab verən zaman tələb olunsa belə, heç bir şifrə, kart nömrəsi və s. kimi fərdi məlumatları daxil etməyin. Belə hallarla qarşılaşanlara dərhal hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə edilir.
Qeyd edək ki, son günlər internet satış səhifələri vasitəsilə dələduzluq edənlərin də sayı artıb.