“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVİD-19” əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
Eləcə də bax: Xəstəxana direktoru rüşvət alarkən belə saxlanıldı - VİDEO
Mingəçevir şəhər Prokurorluğundan FED.az-a verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda “COVİD-19”əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.