Mənimsəmədə və digər əməllərdə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzinin keçmiş rəhbərliyinin məhkəməsi başa çatıb.
İkinci dəfə həbs edilən gömrükçülər - Yenidən Azadlığa Çıxdı
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində mərkəzin sabiq rəhbəri Ağayev Azər Vəkil oğlu və mərkəzin sabiq baş mühasibi Mustafayev Rauf Abış oğluna hökm oxunub.
Sabiq müdir Cinayət Məcəlləsinin 314-cü (Səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib. Lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib və cinayət məsuliyyətindən azad edilib.
18 saylı Ərazi Məşğulluq Mərkəzinin keçmiş baş mühasibi Rauf Mustafayev isə Cinayət Məcəlləsinin 308 və 179.3.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə) maddələri ilə təqsirli bilinib. Ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, araşdırmalar zamanı baş mühasibin elektron sistemə saxta məlumatar daxil etməklə 90 min manata yaxın pul mənimsəməsi müəyyən edilib.
Məhkəmədə təqsirləndirilən şəxslərə qarşı mülki iddia da təmin edilib və dövlətə dəymiş ziyanın onlardan tutulmasına qərar verilib.
Onu da əlavə edək ki, hər iki şəxs 2020-ci ildə rəhbər vəzifəyə təyin edilib. 2021-ci ildə isə onların əməlləri üzə çıxıb və işdən çıxarılıblar.