Vəkillər Kollegiyasının Rəyasət Heyətinin oktyabrın 29-da keçirilən iclasında fəaliyyəti müvəqqəti dayandırılan iki vəkildən birinin kimliyi bəlli olub.
Onlardan biri vəkil Aqil Layıcovdur. A.Layıcov hazırda həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyevin hüquqlarını müdafiə edir.
Kollegiyanın yanvarın 22-də keçirilən iclasında A.Layıcova töhmət verilmişdi. Həmin iclasda C.Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyevin fəaliyyəti 1 illik dayandırılmışdı. Bu dəfə isə A.Layıcovun fəaliyyəti 6 aylıq dayandırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmədə təqsirləndirilən və 15 il müddətinə azadlıqdan məhrum edilən Cahangir Hacıyevlə bağlı yeni cinayət işi başlanılıb. Hazırda istintaq tamamlanlb və C.Hacıyev materiallarla tanış olur. Yaxın vaxtlarda işin məhkəməyə göndəriləcəyi gözlənilir.
C.Hacıyev bu dəfə bankın Moskva filialındakı yeyintilərə görə ittiham olunur.
Vəkil Aqil Layıcov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin oktyabrın 29-da keçirilən iclasında fəaliyyətinin müvəqqəti dayandırıldığı deyib. O bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:
“Hazırda Bakı Apelyasiya Məhkəməsində prosesdən çıxıram. Fəaliyyətimin dayandırılması ilə bağlı qərar verilməyib, araşdırma gedir. Nəticəni gözləmədən mətbuatda belə məlumat yayılıb. Ötən gün kollegiyada görüşüm oldu, bəzi məsələlərə obyektiv yöndən aydınlıq gətirildi. Onların obyektiv qərar verəcəyinə inanıram”.
Qeyd edək ki, bu gün mətbuatda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin oktyabrın 29-da keçirilən iclasında fəaliyyəti müvəqqəti dayandırılan iki vəkildən birinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin hüquqlarını müdafiə edən Aqil Layıcov olduğu bildirilib. (qafqazinfo, axar.az)