Sentyabrın 10-da Report İnformasiya Agentliyində “Polis və icra göz yumur, maklerlər isə tikib-satır” başlığı ilə yayımlanan məlumatda göstərilən xüsusatlar Bakı Şəhər Baş Polis İdarəsi (BŞPİ) tərəfindən araşdırılıb.
FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"Müəyyən edilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində “Azneft” İstehsalat Birliyi (İB) H.Z.Tağıyev adına Neft Qaz Çıxartma İdarəsinin neft və qaz əməliyyatları aparılması üçün daimi istifadəsinə verilən sənaye təyinatlı torpaq sahəsində qanunsuz tikintinin aparılması barədə bu il avqustun 30-da həmin İB-dən Xəzər Rayon Polis İdarəsinə daxil olan müraciət üzrə müvafiq araşdırmalar aparılıb.
Araşdırmalar zamanı əraziyə baxış keçirilib, “Saxta arayış” və “Saxta torpaq sahəsinin döngə nöqtələri və kordinatları”nı hazırlayan şəxsin və ya şəxslərin dairəsinin müəyyən edilməsi, eləcə də mübahisəli torpaq sahəsinin dəqiq kordinatlarının müəyyən edilməsi üçün sorğular verilib, həmçinin iş üzrə şübhəli şəxslər cəlb olunmaqla hazırda araşdırmalar davam etdirilir", - Mətbuat Xidmətindən bildirilib.