Bakı Ağır Cinayətlər məhkəməsində dələduzluqda təqsirləndirilən Məzahir Nəsibovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Eləcə də bax: Sahibkar: "Tikinti üçün Vilyam Hacıyevə 2 min manat rüşvət verdim"
FED.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs bildirib ki, bu məsələyə görə heç bir günahı olmadığı halda 6 il cəza alıb və hazırda cəzaçəkmə müəssisəsindən gətirilib: "Maklerlər var idi, onlar həmin şəxsləri gətirirdi, deyirdilər ki, ev almaq istəyirik. İcra hakimiyyətindən ev növbəsinə götürülmək barədə sərəncamlar verilirdi, mən də pulları alırdım. İcra hakimiyyətinin əməkdaşı Hikmət demişdi ki, qohum-əqrəbadan ev istəyən varsa, gətir həll edək. Mən 37 ildir Bakıda yaşayıram. Bu yaşa qədər həmişə rüşvətlə iş görüb yaşamışam. Binanın açılışı oldu. Mənə dedilər ki, bina həm gözdən əlillər üçün, həm də aztəminatlı ailələr üçün nəzərdə tutulub. Mən də ona görə adamlar tapıb, pul alıb vermişəm. Bu işdə mənim günahım vasitəçi olmaqdır. Pulu alıb yeyənlər qalıb çöldə, məni tutublar. Mənim mesaj və telefon danışıqlarım var. Onları çıxarsanız, məlum olacaq pulu kim yeyib".
Proses aprelin 6-da davam etdiriləcək.
Baş prokurorluğun məlumatına görə, Nəsibov Məzahir Dursun oğlunun qanunsuz əməlləri ilə əlaqədar aparılmış istintaq tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Məzahir Nəsibovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilən hündürmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün nəzərdə tutulduğunu bildirib, vətəndaşları binanın tikintisi başa çatdıqdan sonra sözügedən mənzillərin adına heç bir əmlak sahəsi olmayan aztəminatlı ailələrə paylanacağına inandıraraq, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə qeyd olunan birliyin üzvü olmayan cəmi 92 şəxsin ümumilikdə 5 milyon 781 manat pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məzahir Nəsibova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilib. (Trend)