Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
FED.az xəbər verir ki, bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ifadə verməli olan şahidlərin əksəriyyəti məhkəməyə gəlməyib.
Hakimlər yerində müşavirə edərək - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov, həmin mərkəzin təchizat şöbəsinin müdiri Səadət Baxşəliyeva və Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt, Şirvan şəhərləri, həmçinin Xızı, Astara, Ağdam, Qax və Yevlax rayonları üzrə şöbə müdirləri işləmiş şəxslərin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.
Bundan sonra məhkəmədə şahid qismində Həbib Məmmədov dindirilib. Həbib Məmmədovun sözlərinə görə, onun şirkəti bir neçə rayonda tikinti aparmaq üçün keçirilən tenderin qalibi olub. Tikiləcək hər ev üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tikilməkdə olan obyektlərinin rəhbəri Natiq Əzizova 3 min manat pul verib: "Şirkət tenderdə qalib gələndən sonra Natiq Əzizov məni yanına çağırdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ikinci mərtəbəsində görüşümüz oldu. Bir neçə rayonda tikiləcək ümumilikdə 13 ev üçün 39 min manat vermişəm".
Səlim Müslümov şahidin ifadəsinə münasibət bildirərkən qeyd olunan 13 evin tikintisi zamanı smetada nəzərdə tutulan işlərin görülmədiyini bildirib.
2014-2020-ci illərdə Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Akif Məmişov da prosesdə ifadə verib. Şahidin dediyinə görə, işlədiyi dövrdə rəhbərlik etdiyi şöbədə yoxlamalar aparılıb. Yoxlama zamanı şöbədə nöqsanlar aşkarlandıqdan sonra isə vəzifəsini itirməmək üçün 13 min manat pul verib: "Yoxlama gedişində məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov nazirliyə çağırdı. Dedi ki, sənin şöbəndə nöqsanlar aşkar olunub, buna görə səni ağır cəza gözləyir. Təklif etdi ki, 15 min manat ver, səni xilas edək. 13 min manata razılaşdıq. 1115 manat maaş alırdım, işdən çıxarmasınlar deyə 13 min manatı aparıb otağında verdim. Bundan sonra formal olaraq töhmət elan elədilər. Amma vəzifəmdə qaldım".
Hakim Faiq Qəniyev nazirliyin Daxili nəzarət şöbəsinin müdir müavininin hansısa rayonun şöbə müdirini işdən çıxarmaq səlahiyyətinin olub-olmadığı ilə maraqlanıb.
Şahid suala "Qəfil qəza idi düşdük", deyə cavab verib.
Proses oktyabrın 24-də davam etdiriləcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub. (Apa)