Milli Məclis “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklik layihəsini plenar iclasda müzakirəyə çıxarıb.
FED.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasının gündəliyinə salınan dəyişiklik barədə məlumat verilib.
Qeyd olunub ki, təklif olunan yeni maddəyə əsasən, məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü və 8-ci maddələrinin tələbləri nəzərə alınmaqla 5 gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda müraciət edilən vaxtdan 24 saat keçənədək baxılacaq.
Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadıla bilər.
Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin ediləcək. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunacaq.
Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və ya dinləmələrdə pedaqoqun iştirakı təmin olunacaq.
Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunacaq:
- məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;
- məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
- əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;
- zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;
- zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.
Dəyişiklik layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.