İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, layihəyə yeni 449.1-ci maddə əlavə edilir. Həmin bəndə əsasən pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədi üçün nağd qaydada alınması az miqdarda (500 manatadək) törədildikdə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.
Eləcə də bax: Vergi borcuna görə 5000 manatadək daşınar əmlakın satışı qaydası - MÜƏYYƏNLƏŞİR
Bu maddədə “az miqdar” ifadəsi dedikdə 500 manatadək olan məbləğ nəzərdə tutulur.
Eyni zamanda, layihəyə yeni 477-2-ci maddə də əlavə olunur. Həmin maddə dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti nəzərdə tutur.
Layihəyə əsasən, sığortalı tərəfindən dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni üzrlü səbəbləri olmadan sığortaolunanı dövlət icbari şəxsi sığorta edilməməsinə və qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət icbari şəxsi sığorta haqqını sığortaçıya ödəməməsinə, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığorta olunanlar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada sığortaçıya hesabat verilməməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Sığortaçı tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxsə üzrlü səbəblər olmadan qanunla müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişinin verilməməsinə görə vəzifəli şəxslər 100 manat məbləğində cərimə ediləcək.
Qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişikliklər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.