Əvvəllər məlumat verildiyi kimi bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycan və Ermənistan hərbi qulluqçuları tərəfindən törədilməsi güman edilən, döyüş əməliyyatları zamanı həlak olmuş hərbçilərin, mülki şəxslərin meyitləri üzərində təhqiredici hərəkətlər edilməsi, habelə əsir götürülmüş hərbçilər və mülki vətəndaşlarla qeyri-insani rəftarı əks etdirən çoxsaylı videogörüntülər yayılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən FED.az-a verilən məlumata görə, Azərbaycan Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlillər zamanı saxta videoçarxlar istisna edilərək reallığı əks etdirməsinə ciddi şübhələr yaranan videogörüntülər, o cümlədən bəzi hallarda əsir düşmüş şəxslərin baş və boğaz nahiyəsinin kəsilməsi yolu qətlə yetirilməsi faktlarının hər biri üzrə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Lakin Baş prokurorluq tərəfindən yuxarıda qeyd olunan hadisələr üzrə cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə 2 dəfə rəsmi məlumat verilməsinə baxmayaraq qarşı tərəfdən qeyd olanan faktlarla bağlı hər hansı bir açıqlama verilməməsi onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq mühafizə orqanları tərəfindən araşdırılmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur.
Azərbaycan Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videögörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilib.
Hazırda Azərbaycan hərbi qulluqularına qarşı qanuna zidd hərəkətlər, 101 mülki Azərbaycan vətəndaşının öldürülməsi, 423 nəfərə xəsarət yetirilməsi ilə bağlı bütün cinayət işləri üzrə Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən zəruri və intensiv istintaq hərəkətləri aparılır.